Sinaq və çətinliklərdə oxunan dualar (#4815)

Sən Ey sınağı, Sənə yaxın olanların dərmanı; qılıncı, aşiqlərinin coşqun istəyi; oxu, həsrətini çəkən könüllərin ən əziz arzusu; hökmü, Sənin həqiqətini tanıyanların yeganə ümidi! Səni and verirəm İlahi gözəlliyinə və üzünün nurunun parıltısına – Sənin yüksək təklik məkanından bizi Sənə yaxınlaşdıran şeyləri nazil eylə. Və sonra, bizim addımlarımızı Öz Əmrində möhkəmləndir, Ey mənim Allahım, ürəklərimizi Sənin irfanının şəfəqi ilə işıqlandır və adlarının parıltısı ilə qəlblərimizi nurlandır.

-Bahá'u'lláh
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4816)

Alqış Sənə, Ey mənim Allahım! Yolunda çəkilən bəlalar olmasaydı, Sənin həqiqi aşiqlərin necə tanınardı; Eşqindən doğan müsibətlər olmasaydı, Sənin həsrətini çəkənlərin məqamı necə bilinərdi? Sənin qüdrətin mənə şəhadət verir! Sənə sitayiş edənlərin həmdəmi göz yaşlarıdır, Səni axtaranların təsəllisi könüllərin naləsidir və Səni görməyə tələsənlərin qidası onların sınmış ürəklərinin parçalarıdır.

Necə də şirin dadır, Sənin yolunda çəkilmiş ölüm acısı və nə qədər əzizdir, Sənin sözünü ucaldarkən qarşılaşdığım düşmən oxları! Sənin Əmrində, Ey Mənim Allahım, Sən nəyi arzu etdinsə, qoy onu içim və Sənin məhəbbətində mənə qismət etdiyini nazil eylə. İzzətinə and olsun! Mən yalnız Sənin istədiyini istəyir, ancaq Sənin sevdiyini sevirəm. Bütün təvəkkül və inamımı hər vaxt Sənə bağlamışam.

Yalvarıram Sənə, Ey mənim Allahım, bu Zühura Sənin adına və hökmranlığına layiq köməkçilər meydana çıxar ki, onlar yaratdıqların arasında Səni xatırlasınlar və torpağında Sənin zəfər bayraqlarını ucaltsınlar.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Əzəmətli və Qəyyum Allah!

-Bahá'u'lláh
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4817)

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Hər bir bəsirət sahibi Sənin səltənətini və hökmranlığını etiraf edir, hər bir görən göz Sənin əzəmətinin böyüklüyünü və Sənin qüdrətinin yenilməz qüvvətini anlayır. Sınaq tufanları gücsüzdür ki, Sənə yaxınlıqdan həzz alanların üzlərini Sənin cəlal üfüqünə tutmasına mane olsun; imtahan fırtınaları acizdir ki, Sənə vəfalı olanları Sənin dərgahına yaxınlaşmaqdan uzaq salsın və mane olsun.

Çünki Sənin məhəbbətinin çırağı onların ürəklərində, Sənin mehribanlıq məşəlin onların sinələrində alışıb. Bəlalar onları Sənin Əmrindən ayırmaqda acizdir və talenin tərs dövranı onları Sənin razılığından heç vaxt uzaqlaşdıra bilməz.

Səni and verirəm, Ey mənim Allahım, onlara və ürəklərinin Səndən ayrılıqdan çəkdikləri ah-naləyə - onları Sənin düşmənlərinin şərindən hifz eylə və Öz sevimlilərinə təyin etdiklərinlə onların qəlblərini bəslə, o kəslər ki, onlara qorxu gəlməz və kədərə düşməzlər.

-Bahá'u'lláh
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4818)

Ey Allah, mənim Allahım! Öz səxavətin və bəxşişinlə mənim kədərimi dağıt və hökmranlığın və qüdrətinlə mənim həyəcanımı qov. Görürsən, İlahi, məni hər tərəfdən kədər bürüdüyü bir zamanda üzümü Sənə tutmuşam. Ey bütün mövcudatın Rəbbi, görünən və görünməyən bütün şeylərə kölgə Salan, Səni and verirəm insanların ürəyini və qəlbini fəth etdiyin Adına, Sənin mərhəmət dəryanın dalğalarına və səxavət Günəşinin şualarına – məni o kəslərin sırasına yaz ki, heç nə onların üzünü Sənə tərəf tutmalarına mane ola bilmədi, Sən Ey bütün adların Rəbbi və göylərin Qurucusu!

İlahi, Sənin günlərində mənim başıma gələnləri görürsən. Səni and verirəm adlarının Məşriqinə və sifətlərinin Məzhərinə, mənə onu qismət eylə ki, Sənə xidmətə qalxmağa və Sənin tərifini söyləməyə məni qadir etsin. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətlisən, bütün insanların dualarına həmişə Cavab Verənsən!

Və sonda, Sənin üzünün nuruna iltimas edirəm, mənim işlərimə xeyir-bərəkət ver, məni borclarımdan qurtar və ehtiyaclarımı təmin eylə. Sən O Kəssən ki, Onun qüdrətinə və Onun səltənətinə hər bir dil şəhadət verib, Onun əzəmətini və hökmranlığını hər bir anlayışı olan qəlb etiraf edib. Səndən başqa Allah Yoxdur, eşidən və cavab verməyə hazır olan Allah.

-Bahá'u'lláh
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4819)

Varmıdır Allahdan başqa çətinliklərdən Qurtaran? Söylə: Sübhandır Allah! Odur Allah! Hamı Onun bəndələridir və hamı Onun hökmünü yerinə yetirir.

-The Báb
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4820)

Sən yaxşı bilirsən, Ey mənim Allahım, bəlalar hər tərəfdən mənim üstümə yağır və Səndən başqa heç kim onları nə qova, nə də dəf edə bilər. Mənsə Sənə olan eşqimin gücü ilə yəqin bilirəm ki, Sən bir kəsin məqamını Öz səmavi Cənnətində yüksəltmək və onun qəlbini bu dünyada Öz yenilməz qüdrətinin dayağı ilə möhkəmləndirmək istəməsən, onun heç vaxt bəlaya düşməsinə izn verməzsən, ta ki, o bu dünyanın bihudəliyinə meyl etməsin. Doğrudan da, Sən yaxşı bilirsən ki, bütün şəraitlərdə mənim üçün Sənin zikrin göylərdə və yerdə olanlara sahib olmaqdan nə qədər əzizdir.

Ey mənim Allahım, Sənə itaətdə və Sənin məhəbbətində mənim ürəyimi gücləndir və məni düşmənlərindən uzaq tut. Həqiqətən, Sənin cəlalına and içirəm ki, mən Səndən başqa heç nə diləmirəm, nə Sənin mərhəmətindən özgə bir şey arzulayıram, nə də ki, Sənin ədalətindən qeyri qorxduğum bir şey var. Yalvarıram Sənə, Öz istədiyin kimi məni və Öz sevdiklərini bağışla. Həqiqətən, Sən Qüdrətli, Kəramətlisən.

Bütün insanlarin tərifindən son dərəcə Ucasan Sən, Ey göylərin və yerin Rəbbi! Salam olsun Sənin vəfalı bəndələrinə və alqış olsun Allaha, aləmlərin Rəbbinə.

-The Báb
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4821)

Sənin Qüdrətinə and verirəm, Ey mənim Allahım! Qoyma sınaqlar zamanı mənə zərər toxunsun və Öz ilhamınla qafil olduğum anlarda addımlarımı doğru yola yönəlt. Sən Allahsan, Sən Öz istədiyini etməyə Qadirsən. Heç kəs Sənin İradənə qarşı dura və Məqsədini poza bilməz.

-The Báb
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4822)

Ya Rəbb! Sənsən hər bir dərdi Qaldıran və hər bir kədəri Dağıdan. Sənsən hər bir qəm-qüssəni Aparan, hər bir qulu azad Edən və Sənsən hər bir ruhu Xilas Edən. İlahi! Öz mərhəmətinlə nicat ver və məni xilas olmuş bəndələrin sırasına yaz.

-The Báb
-----------------------

Sinaq və çətinliklərdə oxunan dualar (#4823)

Alqiş və tərif Sənə, Ey mənim Allahım! And verirəm Sənin aşiqlərinin ahına və Səninlə görüşün həsrətini çəkənlərin göz yaşlarına, Sənin Günündə Öz mərhəmətindən məni məhrum etmə və Sənin üzündən saçılan nurların qarşısında Sənin təkliyini tərənnüm edən Göyərçinin nəğmələrindən məni binəsib qoyma. Mən miskinlik içində olan bir kəsəm, İlahi! Mənə nəzər sal, Sənin “Hər Şeyə Malik” Adından yapışmışam. Mən şübhəsiz fani olasıyam, İlahi! Mənə nəzər sal, Sənin “Əbədi” Adından tutmuşam. Ona görə də, Səni and verirəm Sənin Uca, Ən Yüksək Zatına, məni nəfsimin və ehtirasımın ixtıyarına buraxma. Öz qüdrət əlinlə mənim əlimdən tut, zənn və şəkk-şübhə burulğanından məni qurtar və bəyənmədiyin bütün şeylərdən məni təmizlə.

Sonra elə et ki, üzümü bütünlüklə Sənə tutum, tamamilə Sənə təvəkkül edim, Sənə pənah gətirim, Sənin üzünə sığınım. Sən o Kəssən ki, Qüdrətinin gücü ilə istədiyini edir və iradəsinin qüvvəsi ilə seçdiyinə hökm verir. Sənin fərmanına qarşı heç kəs dura bilməz və Sənin təyin olunmuş istiqamətini kimsə dəyişə bilməz. Sən həqiqətən də, Qüdrətli, Cəlal Sahibi, Ən Kəramətlisən.

-`Abdu'l-Bahá
-----------------------

